Məğlub olsalar da alqış topladılar: Özbəkistan millisindən nümunəvi addım

Özbəkistan millisi dünya çempionatında nümunəvi davranışı ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Kolumbiyaya 1:3 hesabı ilə məğlub olan Özbəkistan yığmasının futbolçuları oyundan sonra paltardəyişmə otağını təmizləyərək oranı səliqəli vəziyyətdə tərk ediblər.
Bu barədə Özbəkistan Futbol Assosiasiyası məlumat yayıb.
Futbolçular otaqda özbək və ispan dillərində yazılmış təşəkkür mesajı da qoyublar:
"Çox sağ olun, Meksika! Dünya çempionatında uğurlar. Təşəkkür edirik!"
Bundan əlavə, komanda Meksikaya və "Asteka" stadionuna Özbəkistan millisinin dünya çempionatları tarixində ilk oyununa ev sahibliyi etdiyinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, daha əvvəl Yaponiya millisinin futbolçuları da Niderlandla oyundan (2:2) sonra paltardəyişmə otağını təmizləyərək nümunəvi davranış sərgiləmişdilər. Onların azarkeşləri də tribunaları təmizləməklə dünya ictimaiyyətinin rəğbətini qazanmışdı.
İnci
Sfera.az
