Ayaz Mirzəyev və Namig Nadirov İtaliyada Azərbaycanı təmsil ediblər - FOTOLAR

Mayın 10-da doğum gününün növbəti ildönümü qeyd olunan Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən çıxışla azərbaycanlı marafonçular Ayaz Mirzəyev və Namig Nadirov İtaliyanın Elba adasında keçirilən beynəlxalq marafonda ölkəmizi uğurla təmsil ediblər.
İdmançılar yağışlı hava şəraitində, uzun və çətin aşırımlarla müşayiət olunan 42,2 kilometrlik marafon məsafəsini təxminən 5 saata başa vurublar. Çətin relyef və hava şəraitinə baxmayaraq, onlar yarışı əzmkarlıqla tamamlayaraq Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandırıblar.
Ayaz Mirzəyev sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Azərbaycan bayrağının onlar üçün ən böyük motivasiya mənbəyi olduğunu vurğulayıb:
“Həmişə demişəm, bizimlə bayrağımız varsa başqa motivasiya lazım deyil. Ən çətin sınaqlara hazırıq, təki o həmişə yüksəkdə dalğalansın.”
Qeyd edək ki, beynəlxalq marafon İtaliyanın məşhur Elba adasında təşkil olunub və müxtəlif ölkələrdən yüzlərlə idman həvəskarını bir araya gətirib.
