İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

İran Futbol Federasiyası ABŞ-ni boykot edəcəyini açıqlasa da, 2026-cı il Dünya Kubokunda iştirakdan imtina etməyəcək.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qurumun prezidenti Mehdi Tac bildirib: “Biz Dünya Kubokuna hazırlaşırıq. Biz Dünya Kubokunu deyil, ABŞ-ni boykot edirik”.
Qeyd edək ki, martın 11-də İranın idman naziri Əhməd Donyamali milli komandanın Dünya Kubokunda iştirak etməyəcəyini açıqlamışdı. Lakin martın 16-da Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con İranın turnirdən çıxması ilə bağlı heç bir rəsmi bildiriş almadıqlarını bəyan edib. Bundan əvvəl xarici media İran millisinin qrup mərhələsinin hər üç oyununu ABŞ-də keçirəcəyini yazmışdı. Komanda Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alıb.
Turnir 11 iyun-19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Yarışda ilk dəfə 48 komanda iştirak edəcək. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilir. Rəsmi Vaşinqton hücumları Tehrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb. İran tərəfi isə cavab olaraq İsraildəki hədəflərə zərbələr endirib, həmçinin regiondakı bəzi ABŞ obyektlərinə hücumlar həyata keçirildiyini açıqlayıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub.
Niyaz Hacıyev
Sfera.az
