İranın hərəkəti FIFA-nın xoşuna gəlmədi - Sanksiyalar olacaq

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) İran milli komandasına 2026-cı il dünya çempionatında iştirakdan imtina etdiyinə görə ciddi sanksiyalar tətbiq edə bilər.
Sfera.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Məlumata görə, İranın milli komandaları gələcəkdə keçiriləcək bütün FIFA yarışlarından kənarlaşdırıla bilər. Bundan əlavə, İran tərəfi komandanın turnirdən çıxma tarixindən asılı olaraq 275 min ilə 555 min avro arasında cərimə ilə üzləşə bilər.
Qeyd olunur ki, FIFA-nın İntizam Komitəsi İran yığmasına qarşı əlavə idman sanksiyaları da tətbiq edə bilər. Bu sanksiyalar arasında gələcək yarışlarda komandanın xallarının silinməsi kimi tədbirlər də yer ala bilər.
Xatırladaq ki, bundan əvvəl İranın gənclər və idman naziri Əhməd Donyamali milli futbol komandasının 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, İran yığmasının qrup mərhələsindəki hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılırdı. Komanda püşkatmanın nəticələrinə əsasən Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer almışdı.
Niyaz Hacıyev
Sfera.az
