UEFA Pedro ilə bağlı intizam işi açdı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Çelsi”nin portuqaliyalı hücumçusu Pedro Neto ilə bağlı intizam işi açıb.
Sfera.az xəbər verir ki, buna səbəb Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Paris Sen-Jermen”lə qarşılaşma zamanı futbolçunun top toplayan şəxsə qarşı davranışı olub.
UEFA-nın yaydığı məlumatda bildirilir ki, Pedro Neto idmançıya yaraşmayan davranış göstərməkdə və təşkilatın intizam qaydalarını pozmaqda ittiham olunur. Qeyd olunub ki, məsələ ilə bağlı qərar UEFA-nın intizam orqanları tərəfindən müəyyən edilmiş prosedura uyğun şəkildə veriləcək. UEFA-nın intizam qaydalarına əsasən, futbolçu bir oyunluq diskvalifikasiya oluna bilər.
Xatırladaq ki, qarşılaşma martın 11-də Parisdə keçirilib və ev sahibi “Paris Sen-Jermen”in 5:2 hesablı qələbəsi ilə başa çatıb. İnsident oyunun ikinci hissəsinə əlavə olunmuş dəqiqələrdə baş verib. Belə ki, Neto topu meydanın kənarından götürmək istəyərkən top toplayan şəxs onu ona vermək istəməyib. Nəticədə futbolçu top toplayanı itələyib və o, yerə yıxılıb. Buna baxmayaraq, portuqaliyalı hücumçu matç zamanı hakim tərəfindən cəzalandırılmayıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-də Londonda keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az
