Messinin bacısı ölümdən döndü, toyu təxirə salındı

Dünya futbolunun əfsanəsi Lionel Messinin bacısı Maria Sol Messi Mayamidə ağır yol qəzası keçirib.
Sfera.az bildirir ki, Maria Sol pikapının idarəetməsini itirib və divara çırpılıb. Qəzada ağır yaralanan 32 yaşlı Maria Solun həyati təhlükəni dəf etdiyi deyilir, lakin onu uzun və çətin bir sağalma prosesi gözləyir.
Maria Sol Messinin 3 yanvarda Argentinanın Rosario şəhərində İnter Mayami U19 komandasının məşqçilərindən biri olan Julian “Tuli” Arellano ilə toyu olacaqdı.
Böyük qardaşı Lionel Messi və Antonella Rokkuzo kimi, uşaqlıq sevgilisi ilə evlənməyə qərar verən Maria Sol da bütün Messi ailəsini bir araya gətirəcək möhtəşəm bir toy planlaşdırırdı. Lakin ağır qəza bu xəyalları pozdu və toyun daha gec bir tarixə təxirə salınmasına səbəb oldu.
Argentinalı jurnalist Angel de Britonun ailə mənbələrinə əsaslanaraq paylaşdığı məlumata görə, Maria Sol ciddi xəsarətlər alıb.
Qəzadan sonra müayinələr iki onurğa, daban və bilək sınığı aşkar edib. Həmçinin onun müalicəsi çox çətin olan ciddi yanıqlar aldığı bildirilib.
Messinin anası Selia Kuççittininin verdiyi məlumata görə, Maria Solun qəza zamanı huşunu itirdiyi və buna görə də nəqliyyat vasitəsinin idarəsini itirdiyi güman edilir. Əvvəlcə xəsarətlərin motosiklet qəzasından qaynaqlandığı iddia edilsə də, son məlumatlar hadisənin avtomobil toqquşması nəticəsində baş verdiyini təsdiqləyir.
Moda dizaynı və sahibkarlıq fəaliyyəti ilə tanınan Maria Sol, müalicəsinin qalan hissəsini tamamlamaq və reabilitasiya prosesinə başlamaq üçün doğma şəhəri Rosarioya aparılıb.
Ailəsi və yaxın ətrafı diqqət mərkəzindən uzaq bir həyat sürməyə üstünlük verən və Argentinada işini davam etdirən Maria Solun ətrafında birləşib. Lionel Messi və həyat yoldaşının da bu çətin dövrdə ailəni dəstəkləmək üçün planlarını dəyişdikləri bildirilir. Hazırda ən böyük təsəlli gənc qadının həyati təhlükəni dəf etməsidir.
Aynil




