Messinin mühafizəçisi Liqa Kuboku oyunlarından uzaqlaşdırıldı

“İnter Mayami” klubunun hücumçusu Lionel Messinin mühafizəçisi Yassin Çeuqo ABŞ və Meksika klublarının iştirakı ilə keçirilən Liqa Kubokunun oyunlarına buraxılmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Marca nəşri “X”də məlumat yayıb.
Çeuqonun diskvalifikasiyasına səbəb “Atlas”la matçda baş verən insident olub. Oyunun sonunda, “İnter Mayami”nin 2:1 hesablı qələbəsindən dərhal sonra, o, icazəsiz şəkildə meydana daxil olub. Həmçinin matç zamanı o, Messiyə yaxınlaşmaq istəyən “Atlas” futbolçularını itələyərək kənarlaşdırıb.
Qeyd edək ki, Yassin Çeuqo artıq 2025-ci ilin mart ayından etibarən ABŞ çempionatı olan MLS-də də bu cür davranışlarına görə oyunlardan kənarlaşdırılmışdı. Bu dəfəki hadisə isə onun turnir boyunca daha sərt şəkildə cəzalandırılmasına səbəb olub.
Müxtəlif sosial şəbəkələrdə isə istifadəçilər Çeuqonun “həddindən artıq ehtiyatlı” davrandığını yazaraq onu tənqid ediblər.