Modriç bu klubla müqavilə imzaladı

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın "Milan" klubu ilə müqavilə imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
39 yaşlı futbolçu müqavilə müddəti başa çatdıqdan sonra "Real"dan ayrılıb. O, sonuncu matçını ötən gün klublararası dünya çempionatının yarımfinalında PSJ-yə (Fransa) qarşı keçirib. Xorvatiyalı futbolçu 0:4 hesabı ilə uduzduqları matçın 64-cü dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, L.Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, Madrid komandasının heyətində dörd dəfə İspaniya çempionu (2016/2017, 2019/2020, 2021/2022, 2023/2024) olub, altı dəfə Çempionlar Liqasının (2013/2014, 2015/2016, 2016/2017, 2017/2018, 2021/2022, 2023/2024), iki dəfə İspaniya Kubokunun (2013/2014, 2022/2023) və beş dəfə İspaniya Superkubokunun (2012, 2017, 2019/2020, 2021/2022, 2023/2024) qalibi olub.