Qurban Qurbanov: “Danışıqlar istədiyimiz kimi getmir”

"Qarabağ" yeni mövsümün hazırlıqlarını "Azersun Arena"da davam etdirir.
Sfera.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov "İdman TV"yə açıqlamasında toplanışı dəyərləndirib. 53 yaşlı mütəxəssis futbolçuuların istəkli olduqlarını bildirib:
"6 gündür məşqlərə başlamışıq. Bu gün ümumi hazırlıqdan razı qala bilmərik. Futbolçuları öz idman formalarına qaytarmaq üçün xeyli müddət lazımdır. Məşqlərimiz pis getmir. Futbolçular yeni istək və motivasiya ilə gəliblər. Qurduğumuz plan üzrə gedirik. Hər şey qaydasındadır".
Ağdam təmsilçisinin baş məşqçisi transfer fəaliyyəti haqda da danışıb. O, bir neçə oyunçu ilə danışıqlar aparıldığını deyib:
"Danışıq apardığımız futbolçular var. Sayları çoxdur. Bir neçə nəfərlə daha ciddi danışıqlara başlamışıq. Əfsuslar olsun ki, danışıqlar tam istədiyimiz kimi getmir. Elə müddətdir ki, futbolçular daha yaxşı təklif gözləyirlər. İşimiz o qədər də asan deyil. Gün ərzində 3-4 saatımızı transfer fəaliyyətinə həsr edirik".
Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblər (“Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi) və turnirdəki hədəfləri ilə bağlı fikirlərini bildirib:
"Hər zaman olduğu kimi hədəfimiz maksimum nəticə əldə etməkdir. Maksimum hədəf Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqdır. Potensial rəqiblərimiz bizə uyğun olmayan çempionatlardandır. Əvvəllər bu ölkələrin komandaları ilə qarşılaşmışıq. Rəqibləri təhlil etməyə başlamışıq".