Samir Abasov üzr istədi

Futbol üzrə Azərbaycan kubokunun yarımfinalında “Sabah”a uduzaraq mübarizəni dayandıran “Neftçi”nin baş məşqçisi Samir Abasov oyunsonrası təşkil olunan mətbuat konfransında iştirak edib.
Sfera.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
- Kubokun bütün məsuliyyəti mənim boynumdadır. Qırılmış ümidlərə görə azarkeşlərdən üzr istəyirik. Baxmayaraq ki, komandanı biz yığmamışıq. Bəzi səbəblərə görə qış fasiləsindən də yaxşı yararlana bilmədik, istədiklərimizi gətirə bilmədik. Bizim əsərimiz deyil. Kuboka görə məsuliyyət daşıyırıq. Üzr istəyirik. Bu qədər.
- 80 faiz komandanın heyətində olanlara baxanda, deyirsən ki, bunlar “Neftçi”yə necə gəlib? Titul gedib. Beyninizdə yay transfer pəncərəsini fikirləşirsiz. Anderssonu görsəz, nəsə sözləriniz olardı?
- Söz demək mənə düşmür. Çünki birlikdə işləməmişik. O və başqa insan haqda danışmaq istəmirəm. Planlar cızırıq. Bu oyunla bağlı deyildi, bundan əvvəl də deyilirdi. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Burada açıqlamaq istəmirəm. Daha yaxşı “Neftçi” kimi gəlmək istəyirik. “Neftçi”yə layiq olan oyunçuları da tapıb, gətirməliyik.
- Bassalu Sambuya qırmızı verilməsəydi, “Neftçi” bu gün finalda olardı?
- Məncə, o qədər də aidiyyəti yoxdur. Hər mövqedə ümid etdiymiz oyunçular var. Amma o yoxdur deyə, o haqda danışa bilmərik. Sambu gələndən sonra əsas hücumçumuza çevrilmişdi. Üç qol vurub, bu da bizi ümidləndirirdi. Cəzasını bir oyuna da salmadılar. Sual pis deyil. Sambu burada yoxdursa, niyə digər hücumçular onun kimi oynamır. Bu da doğru yanaşma deyil. Sambu yoxdursa, orada Dambo, Şeydayev, Ağadadaş var. Niyə biz qışda gələn Sambunun olmamasına üzülməliyik? Çətindir.
- “Neftçi” bu gün qocaları xatırladırdı. Amma məsuliyyəti üzərinizə götürdüz. Futbolçuları qoruyursuz?
- Heç kimi qorumaq fikrində deyiləm. Komandanı mən yığmamışam. Heç bir futbolçunun burada olmasına məsuliyyət daşımıram. Bu qədər azarkeş mənə inanırdı, məsuliyyəti daşıyırdım. Komandanı finala çıxarmaq istəyirdim. Edə bilmədiyimə görə üzr istəyirəm.
- Heyətə cəlb edilmiş legionerlərin müqavilə müddəti çoxdur. Onları göndərib, istədiklərinizi gətirmək üçün təzminat ödəməli olacaqsız. Məhz bu məqam istədiyiniz heyəti qurmağa maneçilik törədə bilər?
- Buna indi cavab vermək çox çətindir. Bura yeri deyil. Ətraflı hər şeyi biz də bilirik, klubla danışırıq. Həmin prbolemlər var. Digər komandalar bunu çözə bilirlər, ümid edirəm ki, biz də çözə biləcəyik. Bunu zaman göstərəcək. Kimi göndərəcəyik danışmaq tezdir, yeri deyil.