"Qarabağ" xarakterli komandadır - Hoqmo
"Qarabağ" yaxşı və xarakterli komandadır.
Sfera.az xəbər verir ki, bunu İsveçin "Hakken" komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.
Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb:
"Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”.
O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb:
"Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.
Baş məşqçi hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib:
"Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük".
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.