"Qarabağ" və "Səbail" oyundan əvvəl razılaşıbmış
Dünən Misli Premyer Liqasında yeni mövsümün ilk turu çərçivəsində baş tutan "Qarabağ" - "Səbail" matçından (3:1) sonra "dənizçilər"in fanatlarının etdiyi paylaşım diqqətləri çəkib.
Belə ki, qonaq komandanın fanatları sosial şəbəkə hesablarında əllərində "Qarabağ"ın xüsusi dəvətnamələri olan fotonu paylaşıblar.
Maraqlıdır ki, bu dəvətnamə biletlər "Səbail" azarkeşlərinə "Qarabağ" tərəfindən verilib, yoxsa necə?
Sualımızı "atlılar"ın mətbuat katibi Gündüz Abbaszadə cavabladı. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında tərəflər arasında bununla bağlı razılığın əldə edildiyini söylədi. Belə ki, "Qarabağ"ın ev oyunlarında "Səbail" azarkeşlərinə, "dənizçilər"in doğma meydandakı matçlarında isə ağdamlıların fanatlarına pulsuz biletlər paylanacaq:
"Bu, razılaşma əsasında olub. Klublar rasında əldə olunan anlaşmaya görə, "Qarabağ" öz ev oyunlarında "Səbail" azarkeşlərinə, "Səbail" isə "Qarabağ" fanatlarına pulsuz bilet verəcək".
Xatırladaq ki, "Qarabağ" rəhbərliyi sözügedən matç üçün ən ucuz biletin qiymətini 5 AZN məbləğində müəyyənləşdirmişdi.






