Olimpiadanın 16-ci günündə daha 4 idmançımız yarışacaq
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarının 16-ci günündə daha 4 Azərbaycan idmançısı yarışacaq.
Sfera.az Trend-ə istinadən bildirir ki, avqustun 21-i Bakı vaxtı ilə saat 15:46 sərbəst güləşçimiz Xetaq Qazyumov (-97 kq), saat 15:54-də digər sərbəst güləşçimiz Toğrul Əsgərov (-65 kq) və saat 16:30-da atlet Evans Kiplaqat (marafon) mübarizəyə qoşulacaqlar.
Həmçinin saat 22:00-da boksçu Lorenzo Sotomayor (-64 kq) qızıl medal qazanmaq üçün rinqə çıxacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.
Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır.
Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.
Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbəst güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).