Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"ı, "Sumqayıt" "Səbail"i qəbul edəcək
Sfera.az-ın məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. 15 xala malik əyalət təmsilçisi "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Rusiyalı Murad Musayevi baş məşqçi postuna təyin edən paytaxt klubu 4 xalla sonuncu - 8-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "qırmızı-qaralar", 5-də isə qonaqlar meydanı 3 xalla tərk edib, 2 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində "Sabah"ın minimal üstünlüyü var - 14:13. "Qəbələ” son iki qarşılaşmada rəqibinə 2 qol vurub və uduzmayıb. "Sabah”ın səfərdəki son üç görüşündə ən azı 3 qol qeydə alınıb.
Turun son matçında "Sumqayıt" "Səbail"lə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 8 xalla 6-cı, "dənizçilər" isə 9 xalla 5-cı yerdədir. Əvvəlki 15 oyunu 7-də meydan sahibləri, 6-də qonaqlar qələbə qazanıbsa, 2 görüşdə heçə-heçə yekunlaşıb. Topların fərqində də "Sumqayıt" üstündür - 15:13.
Azərbaycan Premyer Liqası, IX tur
16:00. "Qəbələ” – "Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
18:15. "Sumqayıt” – "Səbail”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Kapital Bank Arena”
Qeyd edək ki, ilk oyun günündə "Zirə" "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.






