Mircəlal Qurbanov AMİNA-nın vitse-prezidenti və Milli Güləş Federasiyasının prezidenti seçildi
Azərbaycan milli idman növləri assosiasiyasında keçirilmiş növbədənkənar konfransda Mircəlal Cavanşir oğlu Qurbanov vitse-prezidenti, Milli Güləş Federasiyasının isə prezidenti seçilib.
Sfera.az xəbər verir ki, o, sərbəst güləş üzrə idman ustalığına namizəddir. Xeyli müddət yeniyetmə sərbəst güləş yığmasına rəhbərlik etmiş Xosrov Cəfərovun şəxsi tələbələrindən olub. Ümumiyyətlə, Qurbanovlar ölkə idmanında məşhur və nüfuzlu ailə kimi tanınır.
"Əməkdar bədən tərbiyəsi və idman xadimi” Cavanşir Qurbanov uzun illər Azərbaycan güləş federasiyanın 1-ci vitse-prezidenti olub. Bu illər ərzində bahadırlarımız 2 qızıl və 1 gümüş olmaqla, 3 olimpiya medalına sahib çıxıblar. O, hazırda Yasamal rayon Ağsaqqallar şurasının sədridir.
Mircəlal Qurbanov 2013-cü ildən Azərbaycan yazıçılar birliyinin üzvü, "Fire Land” productionun rəhbəri, nəğməkar-şair, prezident təqaüdçüsüdür.
AMİNA-da keçirilmiş növbədənkənar konfransda seçkilərin nəticəsi bu gün ədliyyə nazirliyində təsdiqlənib və assosiasiya yeni tərkibdə qeydiyyatdan keçib.






