Sabiq MTN polkovnikinə hökm oxundu: 8 il cəza

Hadisə
11:39 / 13.04.2018
2633
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə bu məhkəmə iclası başa çatıb.
Sfera.az APA-ya istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüqar Güləliyev 8 il, Ceyhun İbayev 6 il 6 ay, Vüqar Əsədov 6 il 6 ay, Nicat Əliyev 6 il 6 ay və Anar İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Ceyhun İbayev məhkəmə zalında həbs edilib. Ev dustaqlığında olan Vüqar Əsədov və Anar İsmayılovun barəsində şərti cəza seçilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.