Hava şəraiti alpinistlərin axtarışlarını çətinləşdirdi

Hava şəraiti alpinistlərin axtarışlarını çətinləşdirdi
 Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.

Bu barədə Trend-ə "Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları bu gün zəif aparılıb: "Buna səbəb hava şəraitinin pis olmasıdır. Həmçinin ötən axşam Qubaya qar da yağıb. Hələlik axtarışlar nəticə vermir".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün 10-da Quba rayonunda hava şəraiti pisləşib, Quba-Xınalıq ərazisinə 10 santimetr qar yağıb.

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR