DİQQƏT: Bu yolda səhv var, sürücülər cərimələnir – VİDEO

DİQQƏT: Bu yolda səhv var, sürücülər cərimələnir – VİDEO
Paytaxtın Mikayıl Müşviq küçəsində (İsmayılbəy Qutqaşınlı küçəsiylə olan kəsişmədə) hərəkətin təşkilində olan səhv sürücünün hüquqlarının pozulması ilə nəticələnib.

Sfera.az "Bizimyol.info”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Vüsal Hüseynli Avtosfer.az-a müraciət edərək bildirib ki, dekabrın 5-də M.Müşviq küçəsinin sağ zolağıyla hərəkətdə olarkən svetoforun qırmızı işığında dayanan avtomobilin arxasında dayanaraq svetoforun yaşıl işığının yanmasını gözləyib.Yaşıl işıq yanandan sonra həmin zolaqdan düzünə hərəkət edərək yoluna davam edib. Sonradan elektron kabinetinə qayda pozmasıyla bağlı məktub gəldikdə məlum olub ki, qeyd olunan küçənin sağ zolağında ancaq sağa 1.18 nişanlanması var imiş.

Sürücü V.Hüseynli iddia edir ki, həmin vaxt svetoforda dayanan "Mitsubishi Pajero” markalı avtomobil 1.18 nişanlanma xəttinin üstündə dayandığı üçün həmin zolaqdan ancaq sağa hərəkətin olduğunu görməyib. Sürücünün haqlı olması videoda da öz əksini tapır.

Qanunvericilikdə göstərilib ki, 1.18 nişanlanması yolayrıcına kimi bir neçə dəfə təkrarlanmalıdır. Bundan başqa, zolaqların üstündə əlavə olaraq 5.8.1 nişanları asılmalıdır. Görünür ki, qanunda yazılanların heç biri bu yolda tətbiq olunmayıb.

Bir daha qeyd edirik ki, yol hərəkətinin təşkilində olan səhv hərəkət iştirakçılarının hüquqlarının pozulması isə nəticələnməməlidir. Amma bu müraciətdən aydın olur ki, hərəkətin təşkilində olan səhv sürücünün cərimə olunması ilə nəticələnib. Vüsal Hüseynli həmin protokola xitam verilməsini tələb edir.

Sfera.az



OXŞAR XƏBƏRLƏR