\"Gördüm ki, qaytarıb, altını batırıb\"- 20 gün sonra üstü açılan müəmmalı qətlin TƏFƏRRÜATI

\
 Yeyib-içdikdən sonra tanışının başında butulka sındırmaqla onun ölümünə səbəb olmaqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Xəsarət alan şəxs 3 gün sonra dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs 20 gün sonra saxlanılıb.

Sfera.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sərxan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Tamella Nəsrulayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, S.İsmayılov həmkəndlisi mərhum Əzizli Əlihüseynlə birlikdə Xaçmaz rayonunda "Fəhlə" kafesində yeyib-içiblər. İçki qəbul etdikdən sonra mübahisə ediblər. Tərəflər bir-birini söydükdən sonra S.İsmayılov masada olan araq şüşəsini Əlihüseynin başına vurub.

Əlihüseyn mübahisədən sonra kafeni tərk edib. Ov bıçağı götürərək kafeyə qayıdıb və Sərxanı öldürəcəyini deyib. Kafedə olan digər şəxslər Əlihüseyni sakitləşdirib, evə yola salıblar.

Əlihüseyn evə gedərək uşaqları ilə görüşüb. Daha sonra həyat yoldaşı ilə söhbət edib. Ardınca yataq otağına keçən Əlihüseyn bir neçə dəqiqə yatıb. Daha sonra qışqıraraq həyat yoldaşını çağırıb. Həyat yoldaşı otağa daxil olarkən Əlihüseyn özündə olmayıb və onu tanımayıb. Əllərini döşəməyə çırparaq qışqırmağa başlayıb. Təcili yardım çağırılıb və onu xəstəxanaya çatdırıblar.

Xəstəxanada məlum olub ki, Əlihüseynin beyninə qan sızıb və vəziyyəti ağırdır. Bir neçə gün sonra Əlihüseyn dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sərxan İsmayılov özünü qismən təqsirli bilib.

Məhkəmdə zərərçəkmiş, mərhumun həyat yoldaşı Sevinc Əzizli ifadə verib. O, həyat yoldaşının döyülməsi hadisəsindən xəbərsiz olduğunu deyib.

Söyləyib ki, həyat yoldaşı hər gün evə gələndə onunla və uşaqları ilə danışıb, hal-əhval tutarmış. Amma həmin gün həyat yoldaşı halsız olub.

"Nəsə həmişə olduğu kimi deyildi. Dedi ki, halı yoxdur. Uzanmaq istədiyini dedi. Gedib uzandı. Bir neçə dəqiqə sonra qışqırıb məni çağırdı. Gedəndə gördüm ki, qaytarıb, altını batırıb. Əllərini çarpayıya çırpırdı. Təcili yardım çağırdım. İynə vurdular ki, yatsın.

Səhər gördüm ki, xırıldayır. Təcili yardım yenə çağırdım. Dedilər ki, biz heçnə edə bilmərik. Xəstəxanaya apardıq. Orada da dəqiq bir söz deyən olmadı. Palatada yatırdı. Həkimlərdən biri gəlib, biri gedirdi. İki gün sonra xəstəxanada keçindi".

Sevinc Əzizlinin dediklərindən məlum olub ki, ərinin aldığı xəsarətdən ölməsinin üstü hadisədən 20 gün sonra açılıb.

Zərərçəkmiş qadın deyib ki, əri evə gələrkən başında heç bir xəsarət olmadığından onun vəziyyətinin pis olmasından şübhələnməyib: "Heç bir xəsarəti yox idi. Xəstəxanada rəhmətə gedəndən sonra dəfn edildi. Sonra onun dava etdiyi məlum oldu. Qonşular da, hadisəni görənlər də dedilər ki, Sərxan Əlihüseynin başına butulka ilə vurub. Mən gedib polisə şikayət etdim.

Məsələ araşdırıldı. Meyit çıxarıldı və ekspertiza təyin edildi. Onun başından xəsarət aldığı üzə çıxdı. İndi mən üç uşaqla tək qalmışam. Uşaqlarımın atasının qanını tələb edirəm. 20 gündən sonra Sərxan tutuldu. Sizdən ədalətli qərar çıxarmağınızı xahiş edirəm".

Suallara cavab verən Sevinc Əzizlinin istintaqda başqa bir məqamla bağlı danışdığı da üzə çıxıb. O söyləyib ki, əri evə gələrkən ona "bir nəfəri öldürüb, 19 il yatacam" deyib.


OXŞAR XƏBƏRLƏR