Qobustanda avtomobil yolunun yaxınlığında top mərmisi tapıldı - (Video)
Qobustan rayonunda avtomobil yolunun yaxınlığında partlamamış hərbi sursat aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən hissəsinə yaxın ərazidə sursat tapılması barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkarlanan sursatın 100 mm-lik OF-412 top mərmisi olduğu müəyyən edilib.
Mərmi mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Ərazidə aparılan əlavə axtarışlar zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.






