Anasının evinə basqın edərək onu döyən tiktoker saxlanıldı - VİDEO
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb.
Sfera.az “Bakupost”a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.
Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gələrək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.
Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Qeyd edək ki, Namiq Kəlbiyev “TikTok”da ehtiyacı olan şəxslərlə bağlı videolar paylaşır və izləyicilərini onlara maddi yardım etməyə çağırır.






