Rinqdə dəhşətli faciə – Məşhur idmançı 75 yaşlı hakimi öldürdü
Meksikada keçirilən restlinq şousu dəhşətli faciə ilə nəticələnib. Güləşçinin tətbiq etdiyi təhlükəli fənddən sonra 75 yaşlı hakim rinqdə həyatını itirib.
Sfera.az xəbər verir ki, hadisə Meksikanın Mineral-de-la-Reforma şəhərində baş verib.
El Buxo ləqəbi ilə tanınan 75 yaşlı Xerardo Xerman Pineda El İxo de Fişman və Maskara Saqrada arasında keçirilən qarşılaşmanı idarə edirmiş.
Şahidlərin sözlərinə görə, güləşçilərdən biri qəfil hakimə qarşı təhlükəli fənd tətbiq edib. O, yaşlı hakimi başıaşağı çevirərək rinqin döşəməsinə çırpıb.
Zərbədən sonra Pineda hərəkətsiz vəziyyətdə rinqdə qalıb. Hadisənin ciddiliyini anlayan təşkilatçılar dərhal qarşılaşmanı dayandırıblar.
Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları 75 yaşlı hakimin öldüyünü müəyyən ediblər.
Faciədən sonra hadisədə iştirak edən güləşçi saxlanılıb. Onun barəsində ehtiyatsızlıqdan ölümə səbəb olma şübhəsi ilə araşdırma aparılır.
Araşdırma zamanı daha bir ciddi qanun pozuntusu üzə çıxıb. Məlum olub ki, restlinq şousunun keçirildiyi arenanın müvafiq icazəsi olmayıb. Bu səbəbdən obyektin fəaliyyəti dayandırılıb./musavat






