Sentyabrda 64 uşaq xilas edilib - FHN-dən çağırış
Azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə mütəmadi olaraq müraciətlər daxil olur.
Sfera.az xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq FHN-dən bildirilib ki, təkcə sentyabr ayında Nazirliyin xilasediciləri tərəfindən həyata keçirilən operativ əməliyyatlar zamanı 64 uşaq xilas edilib.
Nazirliyin məlumatına görə, belə hallar əsasən uşaqların valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya müxtəlif səbəblərdən mənzildə tək qoyulması nəticəsində baş verir. Uşaqların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı daxil olan məlumatlar əsasında FHN-in xilasetmə qüvvələri operativ tədbirlər həyata keçirir və azyaşlıları xilas edərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verir.
FHN valideynlərin diqqətini mənzillərdə uşaqlar üçün təhlükə yarada biləcək amillərə də yönəldib. Elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və kəsici alətlər azyaşlıların həyatı üçün ciddi təhlükə yarada bilər.
Nazirlik həmçinin uşaqların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyini vurğulayaraq valideynləri azyaşlılara qarşı daha diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.






