FHN: 44 nəfər xilas edildi, 4 nəfərin meyiti tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 469 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 44 nəfər xilas edilib, 5 nəfər tüstüdən zəhərlənib, 2 nəfər xəsarət alıb, 44 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.






