Səhiyyə Nazirliyi: Sumqayıtda 119 uşaq xəstəxanaya yerləşdirilib (YENİLƏNİB)
"Sumqayıt şəhərində uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir".
Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub: "Onlara dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə-bağırsaq virus infeksiyası qoyulub. Bu gün xəstəxanaya 14 uşaq yerləşdirilib. Hazırda xəstəxanada 54 uşaq müalicə olunur. Ümumilikdə son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. İnfeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. Son məlumatlar ictimaiyyətə açıqlanacaq”.
***
Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur.
Sfera.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
Nazirliyin sözçüsü bildirib ki, 60-a yaxın azyaşlı uşaq ishal və qusma diaqnozu ilə xəstəxanaya qəbul edilib:
"Müayinə və ilkin tibbi yardım göstərildikdən sonra onların bir qismi dərhal evə buraxlıb. Hazırda xəstəxanada qalan uşaqlar özlərini yaxşı hiss edirlər və həkimlərin təkrar müayinəsindən sonra onlar da evə buraxılacaqlar".
L.Bayramova uşaqların nədən zəhərləndiklərinin hələ məlum olmadığını bildirib:
"Uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
L.Bayramova nazirliyin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının xəstəxanada olduqlarını və vəziyyəti nəzarətdə saxladıqlarını vurğulayıb.
***
Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
"Qaynarinfo" report-a istinadən bildirir ki, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev cə Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub: "Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.






