BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.
Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. 204 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. Elə tələbəlik illərindən Universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləyib. Əmrah Dadaşov 1981-ci ildən indiyədək Qədim dünya və orta əsrlər tarixi kafedrasında çalışıb, uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini olub. 1986-cı ildə “Azərbaycan ərazisində paleometal dövründə əkinçilik istehsalı” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan ərazisində paleometal dövrü cəmiyyətlərinin əkinçilik-maldarlıq iqtisadiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildə professor elmi adı alıb.
Görkəmli tarixçi 100-dən çox elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifi olub. Professor Əmrah Dadaşovun əsas tədqiqat sahəsi paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı idi. Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinə dair araşdırmalarında o, Şimali Azərbaycanın paleometal dövrü abidələri və Urmiyayanı bölgənin yaşayış məskənlərini tədqiq edib
