Odessada ölən gəmi kapitanının nəşi Bakıya yola salınıb

Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatı ilə hücuma məruz qalan "Atlas Bey" mülki yük gəmisinin həlak olan azərbaycanlı kapitanı Səməd Nəsrullayevin nəşi Kişniyevdən Bakıya yola salınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov Modern.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, əslən Lənkərandan olan Səməd Nəsrullayevin nəşi axşam saatlarında Bakıya çatacaq.
Qeyd edək ki, Səməd Nəsrullayev Odessa sahilləri yaxınlığında "Atlas Bey" mülki yük gəmisinin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində həlak olub. Hadisə zamanı gəmidə 11 Azərbaycan vətəndaşı olub. Hücumdan sonra ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl yaydığı açıqlamada ekipaj üzvlərinin xilas edildiyini və onların vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdi. Həmin açıqlamada kapitanın axtarışlarının davam etdirildiyi qeyd olunurdu.
