Balakən və Zaqatalanı sel apardı

Balakən və Zaqatala rayonlarında yağan intensiv leysan yağışları bir sıra fəsadlara səbəb olub.
Sfera.az apa-ya istinadən bildirir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Ən intensiv yağıntılar Balakən və Zaqatala rayonlarının inzibati ərazilərinə düşüb.
İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.
Böyük Qafqaz dağlarının cənub ətəklərinə yağan leysan nəticəsində Balakən, Katex, Hunbul, Tala, Muxax və digər çaylarda suyun səviyyəsi kəskin yüksəlib. Bəzi çaylardan qısamüddətli sel keçib, bəziləri isə məcrasından çıxmaq təhlükəsi ilə üzləşib.
Dağ çaylarının daşması nəticəsində bəzi yaşayış məntəqələrində həyətyanı sahələri sel suları basıb. Təbii hadisə nəticəsində əkin sahələrinə, o cümlədən taxıl, qarğıdalı, bostan-tərəvəz sahələrinə və fındıq bağlarına ziyan dəyib.
Hazırda Balakən və Zaqatala rayonlarında intensiv yağışlar davam edir.
