Keçmiş kəşfiyyatçı hakerlərin tələsinə düşdü

Almaniya Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəis müavini və NATO-nun sabiq kəşfiyyat rəhbərlərindən biri olan Arndt Freytaq fon Lorinqoven kiberhücumun qurbanı olub.
Sfera.az xəbər verir ki, Almaniya mətbuatına görə, ekspert telefonuna göndərilən saxta mesaj səbəbindən “Siqnal” tətbiqindəki hesabına nəzarəti itirib.
Bildirilir ki, o, “PİN kodunuzu daxil edin” məzmunlu mesaja inanaraq məlumatlarını daxil edib və nəticədə hesab hakerlərin əlinə keçib.
Hadisədən sonra hesab bir müddət kiberhücumçuların nəzarətində qalıb. Mütəxəssislərin bildirirlər ki, hücum fişinq üsulu ilə həyata keçirilib.
Hadisə veteranın karyerası səbəbindən diqqət çəkib. O, uzun illər kəşfiyyat sahəsində yüksək vəzifələrdə çalışıb və rəis müavini olub. Bundan başqa, NATO-nun kəşfiyyat strukturlarında da mühüm vəzifələrdə fəaliyyət göstərib.
Hadisəni daha da diqqətçəkən edən məqamlardan biri isə veteranın kibertəhlükəsizlik sahəsində fəaliyyəti ilə bağlıdır. Məlumata görə, o, kiberhücumlar və rəqəmsal təhlükəsizlik təhdidləri barədə kitabın da müəllifidir.
Mütəxəssislər bildirirlər ki, bu hadisə göstərir ki, ən sadə üsullarla belə kiberhücumlar çox təsirli ola bilər. Fişinq hücumlarında istifadəçilər saxta mesajlar vasitəsilə şəxsi məlumatlarını və ya təsdiq kodlarını paylaşmağa məcbur edilirlər.
Mənsumə
Sfera.az
