Azərbaycan elminə ağır itki üz verib

Azərbaycan elminə ağır itki üz verib.
Sfera.az-ın xəbərinə görə, tarix elmləri doktoru, professor, etnoqraf Fəzail Vəliyev vəfat edib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Fəzail Vəli İmranoğlu 30 avqust 1956-cı ildə Xanlar (indiki Göygöl) rayonunun Salahlı kəndində anadan olub. O, 1963-1973-cü illərdə həmin rayonun Poylu kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olur. 1980-ci ildə oranı bitirdikdən sonra təyinatla Kəlbəcər Rayon XalqMaarif Şöbəsinin sərəncamına göndərilən Fəzail Vəli İmranoğlu 1980-1982-ci illərdə rayonun Tatlar kəndində tarix müəllimi işləyib. 1983-cü ildən AMEA-da çalışırdı.
1990-2008-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsində baş laborant, kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışmış, 2007-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda “XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “tarix elmləri doktoru” elmi dərəcəsini almışdır. 2010-2018-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “Etnososioloji tədqiqatlar” şöbəsində aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində yeni yaradılan Antropologiya Mərkəzinin (sonradan Antropologiya şöbəsi) baş elmi işçisi vəzifəsində çalışıb.
2015-ci ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilib.
F.Vəliyev evli idi və iki övladı, dörd nəvəsi var./yenisabah
