26 yaşlı gənc “tükdönmə” əməliyyatından sonra öldü

Ucar sakini Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov 81 gün komada qaldıqdan sonra vəfat edib.
Sfera.az xəbər verir ki, mərhumun yaxınları məsələ ilə bağlı "Xəzər TV"yə danışıblar. Onların bildirdiyinə görə, S.Hüseynov estetik xarakterli "tükdönmə" əməliyyatına hazırlaşdığı zaman ona verilən narkozdan sonra komaya düşüb və reanimasiya şöbəsinə yerləşdirilib.
Yaxınlarının iddiasına görə, əməliyyatı Cavanşir adlı həkim icra edib. Əməliyyat sonrası gəncin yaxınları bir neçə saat ərzində məlumat ala bilməyib. Daha sonra onun komada olduğu bildirilib. Həkim tərəfindən vəziyyətin qısa zamanda stabilləşəcəyi deyilsə də, xəstə koma vəziyyətindən ayılmayıb.
Sübhan Hüseynovun yaxınları onun bu cür sadə tibbi prosedurdan sonra vəfat etməsini qəbuledilməz sayaraq məsələ ilə bağlı hüquqi araşdırma tələb edirlər.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 26 yaşlı Sübhan Hüseynov aprelin 14-də pilonidal kista diaqnozu ilə əməliyyat üçün Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə müraciət edib:
"Xəstə müayinə olunub, onun əməliyyat və anesteziyası üçün əks göstəriş aşkarlanmayıb. Əməliyyat zamanı pasiyent ümumi endotraxeal narkoz altında intubasiya olduqdan sonra tənəffüs göstəriciləri itib. Nəbz qeydə alınmayıb, bu səbəbdən dərhal reanimasiya tədbirlərinə başlanılıb. Süni medikamentoz müalicə fonunda reanimasiya tədbirləri davam etdirilib. Mərkəzi damarlar üzərində nəbz bərpa olunub. Hemodinamik göstəricilər kardiomonitorda stabilləşib. Xəstənin vəziyyətinin ağır olması nəzərə alınaraq əməliyyatın icrası təxirə salınıb. Xəstə aprelin 17-dək Ucar Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb. Və həmin tarixdə xəstənin valideynlərinin təkidi və tələbi ilə xəstə Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə köçürülüb".