“Bakubus” avtobusu tıxaca səbəb oldu

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun köməkçi hissəsində tıxac yaranıb.
Sfera.az xəbər verir ki, 508 saylı xəttə məxsus avtobus yolun hərəkət hissəsində qalıb.
Nəticədə köməkçi yolda hərəkət məhdudlaşıb və avtomobillər Xırdalan şəhəri istiqamətinə yönləndirilib. Problem 1 saatdan artıq davam edib və böyük tıxaca səbəb olub.
Hadisə ilə bağlı “Bakubus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, problem artıq aradan qaldırılıb:
“Bu gün saat 08:00 radələrində “BakuBus” MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JV-162 dövlət qeydiyyat nişanlı avtobusunun asqı sisteminin hava yastığında texniki nasazlıq qeydə alınıb.
Nəqliyyat vasitəsini idarə edən sürücü Emin Bağırov yaranmış nasazlıq barədə dərhal “BakuBus” Monitorinq Mərkəzinə məlumat verib. Hadisənin baş verdiyi əraziyə texniki xidmət servisi cəlb edilib.
Nasazlıq operativ şəkildə aradan qaldırılıb və avtobusun hərəkəti bərpa olunub, sərnişinlər operativ şəkildə digər nəqliyyat vasitəsinə yönləndirilib. Nəqliyyat vasitəsində yaranmış texniki nasazlıqla bağlı bütün sərnişinlərdən üzr istəyirik”.