Qobustanda AĞIR QƏZA – Avtomobildə sıxılıb qalan sürücü belə XİLAS EDİLDİ – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "FOTON" markalı yük avtomobili ilə “CHEVROLET” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "FOTON" markalı yük avtomobili yolun kənarına aşaraq sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü - 1989-cu il təvəllüdlü Abdulkərimov Zirəddin Azər oğlunu xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.