İcra hakimiyyəti vətəndaşın evini sökdürdü - VİDEO

Quba rayon Alpan kənd sakini Rəsulov Xaləddin Ələddin oğlunun yeni inşa olunan fərdi yaşayış sahəsi rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.
Sfera.az-a müraciət edən X.Rəsulovun dediyinə görə, çıxarış alınan, xüsusi mülkiyyətdə olan 4 sot torpaq sahəsində fərdi yaşayış sahəsi tikilib.
Şikayətçinin sözlərinə görə, evin tikintisinin başa çatmasına və dam örtüyünün vurulmasına baxmayaraq tikili icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.
Quba rayon sakini bildirib ki, 25.10.2025-ci il tarixində rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudovun göstərişi ilə bildiriş verilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən protokol yazılıb və o, 500 manat cərimə olunub. Üç gün sonra, yəni 28.10.2025-ci il tarixində heç bir məhkəmənin və Fövqəladə Hallar Nazirliyinin (FHN) rəyi olmadan ev sökdürülüb.
Rayon sakini üzləşdiyi haqsızlıqla bağlı Azərbaycan Prezidentinə şikayət məktubu ünvanladığını da söyləyib:
"Cənab Prezidentə bu barədə müraciət etdikdən sonra İ.Mahmudov məhkəmə və FHN-dən köhnə tarixə qərar almaq istəsə də, bu, mümkünsüz olub. Çünki protokol və bildirişi başqa tarixə dəyişmək mümkün olmayıb. Çarəsiz qalan İ.Mahmudov əməlinə haqq qazandırmaq məqsədilə 31.10.2025-ci il tarixində FHN-nə tədbir görülməsi üçün müraciət edib. FHN isə söküntüdən 23 gün sonra - 20.11.2025-ci il tarixində tikintinin dayandırılması haqqında qərar qəbul edib".
Rayon sakini üzləşdiyi vəziyyətlə əlaqədar məhkəməyə də müraciət edib. Amma məhkəmə baxışı zamanı icra hakimiyyətindən heç kim iştirak etməyib. "Məhkəməyə müraciət etsəm də Quba Rayon İcra Hakimiyyətindən heç kim məhkəmə prosesinə gəlmədi və bununla həm vətəndaşa, həm də məhkəməyə hörmətsizlik edildi", - deyə X.Rəsulov qeyd edib.
Altay