Körpü qəzalı vəziyyətə düşdü - Yol bağlandı

İntensiv yağıntılar nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən Qaraçay çayı üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Sfera.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 1959-cu ildə inşa edilmiş, 101 metr uzunluğunda və 4 aşırımlı olan körpünün dayaqları güclü sel suları tərəfindən yuyulub.
Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
Sürücülərə müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə etmələri tövsiyə edilir.