Dünyada vulkanlar aktivləşib - Bir neçə yerdə püskürmə olub

Dünyanın müxtəlif bölgələrində vulkanik fəallıq sürətlə artır. İtaliyada yerləşən Etna, Havay adalarındakı Kilauea, Kosta Rikadakı Poas və İndoneziyadakı Semeru yanardağları yenidən fəallaşıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən aktiv və ən hündür yanardağı olan Etna yenidən lava püskürməyə başlayıb.
3 min 330 metr yüksəklikdə yerləşən Etna Siciliya adasında yerləşir və İtaliyadakı üç aktiv yanardağdan biridir. Digər aktiv yanardağlar isə Stromboli və Vezuvdur.
Vulkanik fəallıq Amerikada da müşahidə olunur. Dünyanın ən aktiv yanardağlarından biri sayılan Kilauea (Havay) bu il 18-ci dəfə partlayış yaşayıb. Rəsmilər, yanardağın yerləşdiyi milli parkda ziyarətçiləri təhlükəsizlik qaydalarına əməl etməyə, xüsusilə də zərərli qazlara qarşı diqqətli olmağa çağırıb.
Orta Amerikada yerləşən Kosta Rikada isə 2 min 708 metr hündürlüyündəki Poas Yanardağı fəaliyyətə başlayaraq kül püskürüb. Vulkanın çıxardığı kül və tüstü 3 kilometrə qədər yüksəlib.
İndoneziyada da oxşar vəziyyət yaşanır. Semeru Yanardağı kül və tüstü püskürərək bölgədə vulkanik aktivliyin artdığını göstərib.
Mütəxəssislər bu fəallığın davam edə biləcəyini bildirir və əhalini ayıq-sayıq olmağa çağırırlar.
Bəsti Rəfizadə