Zəlzələ zamanı İstanbul boğazında dalğalar yarandı - VİDEO

Bu gün İstanbulda günorta saatlarında baş verən 6.2 bal gücündə zəlzələ şəhər sakinləri arasında təşvişə səbəb olub. Zəlzələnin ən çox hiss olunduğu ərazilərdən biri də İstanbul boğazlarının ətrafı olub. Sarsıntı zamanı dənizdə yaranan güclü və dərin dalğalar anbaan kameralar tərəfindən qeydə alınıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı Boğaz sahilində gəzintiyə çıxan və qayıqlarda olan insanlar təşviş içində qalıb.
Sahil kafe və restoranlarında istirahət edən vətəndaşların isə zəlzələ baş verən anda açıq sahələrə qaçdıqları müşahidə olunub. Qayıqlarda olan bəzi sərnişinlər qısa müddətli qorxu yaşasalar da, hər hansı bir can və ya mal itkisi qeydə alınmayıb.
Zəlzələdən sonra İstanbulda mobil rabitə xidmətlərində də problemlər yaranıb. Mobil operatorların şəbəkəsində yüklənmə səbəbindən əlaqə çətinlikləri müşahidə olunub. İstifadəçilər həm zəng etməkdə, həm də mobil internetdən istifadə etməkdə çətinliklərlə qarşılaşıblar.
Xatırladaq ki, İstanbul zəlzələ riskinin yüksək olduğu bölgələrdən biridir və mütəxəssislər bu cür təbii fəlakətlərə qarşı daim hazırlıqlı olmağın vacibliyini vurğulayırlar.
Bəsti Rəfizadə