Qızların itkin düşmələrindən bir həftə keçdi

Aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində itkin düşən yeniyetmə qızlar hələ də tapılmayıb.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin gün saat 20:00 radələrindən itkin düşən 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızının yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Dayı qızı–bibi qızı olan yeniyetmələrin axtarışları hazırda polis əməkdaşları tərəfindən davam etdirilir.
Bildirilir ki, itkin düşən qızlar yaşadıqları qəsəbədə heç bir kameraya düşməyiblər. Onların evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. Qızların üzərində mobil telefonun olmaması da taleləri barədə məlumat almaq imkanlarını çətinləşdirib.
Qeyd edək ki, itkin düşən Aygün Hüseynovanın atası Bəhram Hüseynov hadisədən əvvəl bacısı qızının övladına telefon verdiyini və bu məsələnin üstünün açıldığını deyib. O, qızların ailədaxili münaqişədən qorxaraq qaça biləcəyini ehtimal edir.