Kəlbəcərdə qəzaya düşən hərbçi Milli Qəhrəmanın qardaşı qızıdır - Atası da şəhiddir - FOTO

Xəbər verdiyimiz kimi, "Nissan Pathfinder" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir.
Qeyd olunur ki, İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.
Sfera.az “Bakupost.az”a istinadən xəbər verir ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı Rəsul Şahverdiyevin qızıdır.
Məlumatı İsrafil Şahverdiyevin oğlu Anar Şahverdiyev təsdiq edib.
İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olub. 1959–1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil alıb. 1971–1974-cü illərdə hərbi xidmətdə olub. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.
Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirib. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun böyük rolu olub.
İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş və onlarla erməni silahlısını məhv edib.
6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə olub. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına keçib və qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Onun qardaşı İlahə Şahverdiyevanın atası Rəsul Şahverdiyev 1950-ci il yanvarın 15-də Laçın rayonunun Uvannovu kəndində doğulub. 1957-i 1967-ci illərdə rayonun Ağanus kənd orta məktəbində orta təhsil alıb. Həqiqi hərbi xidmətini Rostov şəhərində çəkib. 1971-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb.
Ermənistanla həmsərhəd bölgələrdə vəziyyətin gərginləşdiyi 1988-ci ildən Laçının da dincliyi çəkilmişdi. Rayonun erməni basqınlarından müdafiəsi RPŞ-nin əməkdaşlarının öhdəsinə düşmüşdü. Onunla birlikdə qardaşı, Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev də çiyin-çiyinə döyüşürdü. İllərlə polis orqanlarında topladığı təcrübədən döyüşlərdə yararlanıb. Cəsur kəşfiyyatçı kimi ən təhlükəli yerlərə özü gedirdi. Rayonun Cicimli, Uvannovu kəndlərinin erməni quldurlarından qorunmasında şəxsi igidlik nümunısi göstərib. 1992-ci ildə Laçının süqutundan sonra Kəlbəcərlə həmsərhəd olan kəndlərin azad olunması uğrunda gedən döyüşlərdə fərqlənib.
1993-cü ildə polis starşinası R.Şahverdiyev yaralı olmasına baxmayaraq, Kəlbəcər işğal olunan zaman mühasirəyə düşmüş kəndlərdə dinc əhalinin çıxarılmasında yaxından iştirak edib.
Daşkəsən rayonunun Zivlər-Qaraqollar kəndəri istiqamətində gedən döyüşlərdə də fərqlənib. Aldığı yaralar səbəbindən 1995-ci il martın 22-də dünyasını dəyişib.