Ata və oğul qeyri-adi fırıldaqla 100 restoranda pulsuz yemək yeyib

Ata və oğul 100 restoranda aldatmaqla üç il ərzində pulsuz yemək yeməyə nail olublar. Fransanın Tulon şəhərində polis 48 yaşlı kişini və onun 18 yaşlı oğlunu dələduzluqda şübhəli bilərək saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar bölgədə təxminən 100 restoran və kafeni aldadaraq ödəniş etmədən oranı tərk ediblər.
Bu barədə Sfera.az lent.az-a istinadən məlumat verir:
Araşdırma zamanı məlum olub ki, ata və oğul üç il ərzində eyni dələduzluq sxemindən istifadə ediblər. Onlar adi restoran müştəriləri kimi davranaraq yemək sifariş edirdilər, lakin nə nağd pulları olurdu, nə də kredit kartları işləyirdi. Ata personaldan üzr istəyir, şəxsiyyət vəsiqəsini və ya sosial sığorta kartını girov kimi qoyaraq sabah gələcəyini və hesabı ödəyəcəyini bildirirdi. Amma o geri qayıtmırdı, əvəzində kartının guya oğurlandığını bildirərək yenisini almaq üçün müraciət edirdi. Bu sxemi üç ildə təxminən 100 dəfə həyata keçirmək üçün ata və oğul hədəflərini diqqətlə seçirdilər. Onlar əvvəlcədən internetdə araşdırma aparır, sahibləri rəylərdə mehriban və səbirli kimi təsvir olunan restoranları seçirdilər.
Onlar heç vaxt eyni restorana ikinci dəfə getmirdilər və bu, şübhə doğurmadan planlarını həyata keçirməyə kömək edirdi. Hər zaman səliqəli görünürdülər və restoranlarda qəlyanaltı, əsas yemək, desert, şərab və həzmqovucu içkilər sifariş edirdilər. Hesablar adətən 80-150 avro arasında dəyişirdi. Ödəniş vaxtı 48 yaşlı kişi istifadə olunmayan kredit kartını təqdim edir, oğlunu yaxınlıqdakı bankomatdan pul götürməyə göndərirdi. Gənc oğlan nağdsız qayıdır, ata isə üzr istəyib sabah gələcəyinə söz verirdi. Girov kimi ya şəxsiyyət vəsiqəsini, ya da sosial sığorta kartını qoyurdu. Bu davranış onların etibarlı görsənməsinə səbəb olurdu və restoran sahibləri adətən narazılıq etmirdilər. Lakin onlar geri dönmürdülər.
Polisin məlumatına görə, kişi şəxsiyyət vəsiqəsinin və sosial kartının guya tez-tez oğurlanması ilə bağlı dəfələrlə müraciət edib - bu da ödənişdən yayınmaq üçün idi. Onların planı çoxsaylı hallarda uğurla işləyib, ta ki bir restoran sahibi onun şəxsiyyət vəsiqəsinin fotosunu sosial şəbəkədə paylaşana qədər. Bu paylaşım digər aldadılmış restoran sahiblərinin diqqətini çəkib. Nəticədə Tulondan 43 restoran sahibi polisə şikayət edib.
Bir neçə ay davam edən araşdırmalardan sonra Fransa polisi ata və oğulu həbs edib. Onlar üç il ərzində qida obyektlərini aldadıqlarını etiraf ediblər. Oğul - hadisələrin bir hissəsində yetkinlik yaşına çatmamış olan - bildirib ki, bəzən həftədə iki-üç dəfə pulsuz yemək yeyirdilər. Ata isə 2021-ci ilin yanvarından 2024-cü ilin avqustuna qədər təxminən 100 dəfə bu sxemdən istifadə etdiyini təsdiqləyib.