Cənubi Koreya yanır: 18 nəfər ölüb

Cənubi Koreyanın cənub-şərqində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, yanğınlar Uiseong bölgəsindəki tarixi məbədi də məhv edib və qiymətli əşyalar müxtəlif bölgələrə daşınıb.
Yanğının baş verməsindən sonra 5 minə yaxın hərbiçi və 146 helikopter bölgədə yanğınla mübarizə aparmaq üçün səfərbər edilib. 17 min hektar meşə sahəsi külə dönüb, 209 tikili isə tamamilə məhv olub.
Yanğınlarla mübarizə aparan bir helikopter qəzaya uğrayıb, 73 yaşlı pilot da həlak olub.
Qeyd edək ki, yanğınlar martın 21-də ölkənin Sancheong bölgəsində başlayıb və Ulsan şəhəri ilə yanaşı, ətraf ərazilərə də yayılıb. 3300-dən çox insan təxliyə edilib və bir çox məhbus yanğından təsirlənməyən həbsxanalara köçürülüb. Cənubi Koreya, yanğınların qarşısını almaq üçün bütün qüvvələri səfərbər edib.