Lənkəranda yük maşını çaya aşdı, sürücü xəsarət aldı - FOTO

Lənkəranda yük avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində sürücü ağır xəsarət alıb.
Sfera.az xəbər verir ki, hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində baş verib.
Lənkəran rayonunun Göyşaban kənd sakini, 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadə idarə etdiyi "Ford Transit" markalı yük maşını ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi sürüşərək təxminən 20 metr hündürlükdən çaya düşüb.
Sürücü dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun kəllə-beyin travması aldığını və alın nahiyəsində sıyrılmış, didilmiş yaralar olduğunu bildiriblər. İlkin tibbi yardımdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerində olan kənd sakinlərinin sözlərinə görə, qəzanın əsas səbəbi yolun dar olması və torpaq qatının dağılmasıdır.
Bildirilir ki, həmin ərazidə yolun eni cəmi 3,5 metrdir və qarın yaratdığı sürüşkənlik qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.