Bakıda qayda pozan yol polisinə 100 manat - 4 bal cərimə yazıldı – VİDEO
Videomaterialla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dərhal araşdırma aparıb. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin əməkdaşın qayda pozuntusuna yol verdiyi videokameralar vasitəsilə aşkar edilib: "Avtosfer.az saytında yayılan video ilə yanaşı, həmin ərazidə quraşdırılmış kameraların və patrul avtomobilindəki kameranın görüntülərinə baxış keçirildi. Məlum oldu ki, həmin əməkdaş sözügedən ərazidə xidmət aparmaq üçün təhkim edilib. Yəni, həqiqətən də ora onun xidmət yeridir. Geriyə dönərkən düz edib, lakin qayda pozuntusuna yol verib. Buna görə də, həmin əməkdaş inzibati məsuliyyətə cəlb olunub və barəsində protokol tərtib edilib".
Qeyd edək ki, YPX əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 100 manat - 4 bal cərimə ilə cəzalandırılıb.
Vaqif Əsədovun sözlərinə görə, DYP rəhbərliyi sosial şəbəkələrdə, internet saytlarında və televiziyalarda yayılan videolarda polislə bağlı hər hansı məqam olduqda dərhal araşdırma aparır və tədbir görür. Bundan əlavə, DYP rəhbərliyi müxtəlif vasitələrlə bütün yol polislərinin fəaliyyətinə nəzarət edir: "Hər hansı qayda pozuntusu aşkar olunarsa əməkdaşlar cəzalandırılır. Avtosfer.az saytında yayılan videoda da əməkdaşın qayda pozuntusuna yol verdiyi təsdiqini tapdığı üçün onun barəsində tədbir görüldü".
Bölmə rəisinin sözlərinə görə, gün ərzində Daxili İşlər Nazirliyinin 102, Baş Dövlət Yol Polisi İdarəsinin 902 xidmətinə yol polisi ilə bağlı daxil olan zənglər də dərhal araşdırılır və müvafiq tədbirlər görülür.