Bələdiyyə sədri özünü asdı
Hadisə
17:06 / 25.04.2016
2911
Gədəbəydə intihar faktı qeydə alınıb. Özünü asan məktəb direktoru və bələdiyyə başçısı postunu tutan şəxsdir.
Sfera.az musavat.com-a istinadən bildirir ki, Dəyə Qarabulaq inzibati ərazi vahidliyinə daxil olan Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Kamil oğlu Əliyevin asılmış vəziyyətdə olan meyidini yaxınları aşkar ediblər. Hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu gəlib.
Mərhumun meyidi müayinə olunmaq üçün rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Mərhumun yaxınları F.Əliyevin ölümündə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevi ittiham edirlər. Bildirirlər ki, F.Əliyev ölümündən əvvəl B.Nağıyevin onu bezdirməsi haqda fikirlər söyləyirmiş. Buna görə də şöbə müdirindən Gədəbəy Rayon Prokurorluğuna şikayətlər olunub.
Mərhum F.Əliyevin oğlu Elvin Əliyev deyib ki, atasının ölümü ilə bağlı prokurorluğa şikayətlər ünvanlayıblar. Yas məclisindən sonra məsələ ilə bağlı daha ətraflı şəkildə fəaliyyətə başlayacaqlar.
Rayondakı mənbələr isə bildirir ki, F.Əliyev yaşadığı rayonda təcrübəli pedaqoq kimi tanınır. O, işini bilən, idarəçilik qabiliyyəti olan şəxs kimi xarakterizə olunur. Rayon sakinləri deyirlər ki, F.Əliyevin həyatla bu şəkildə vidalaşması mərhumun çox ciddi problemlərlə üz-üzə qala bilməsi və bu səbəbdən intihara əl atması ehtimalını yaradır. Bildirirlər ki, F.Əliyev həyatsevər insan olub, onun ölümündə, əlbət ki, çox ciddi səbəblər var.
F.Əliyev məktəb direktorluğu ilə yanaşı bələdiyyə sədri vəzifəsini də icra edib.
Sakinlər bildiriblər ki, F.Əliyevin rəhbərlik etdiyi bələdiyyədə ciddi maliyyə məsələləri olmayıb, torpaq islahatı da uzun illər əvvəldən bitib. Bu səbəbdən F.Əliyevin intiharına daha çox çalışdığı məktəbə dövlət büdcəsindən ayrılan vəsaitlərin təhsil müəssisəsinə çatana qədər silinməsi, inventarların ələ keçirilməsi kimi halların rol oynaya bilməsi ehtimalına üstünlük verilir.
Bu məlumat fonunda F.Əliyevin təhsil şöbəsi müdirindən şikayətlənməsi, giley-güzar etməsi haqda bilgilər direktorun ölülmündən əvvəl psixoloji gərginlik keçirdiyini söyləməyə əsas verir.
Məktəb direktorunun ölümündə ittiham olunan Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevdən münasibəti öyrənmək üçün sayt onun rəhbərlik etdiyi şöbə ilə əlaqə saxlayıb. Şöbədən bildiriblər ki, B.Nağıyev iclasdadır.
F.Əliyevin ölümü faktına görə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci - intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.