“Gözlərim dolmuşdu...” - Azər Qasımlının xanımından İlqar Məmmədova məktub

“Gözlərim dolmuşdu...” - Azər Qasımlının xanımından İlqar Məmmədova məktub
 

REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova açıq məktub ünvanlayıb. 

Sfera.az xəbər verir ki, onun sosial şəbəkədə paylaşdığı məktubunda deyilir:

"REAL-a ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı REAL-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya REAL-a aidiyyatı olmayan insanlar idi. REAL-dakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı REAL-ın 2011-ci ildə "Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. REAL-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı.

O zamanlar REAL Hərəkatının cəmiyyətdəki reputasiyası "intelektualların klubu” çərçivəsindən kənara çıxa bilmirdi. Çünki ağıllı və savadlı adamlar bir İdarə Heyətinə toplaşmışdılar və onların cəmiyyətdəki rolu yalnız bəyanatlar vermək, hadisələrə münasibət bildirmək formatından kənara çıxa bilmirdi. Ən önəmli məqam həmin İdarə Heyəti heç bir siyasi məsuliyyət daşımırdı və heç kimin qarşısında da hesabatlılığı yox idi. İdarə Heyətinə yeni üzvləri elə İdarə Heyəti özü seçirdi.

Lakin 2013 və 2015-ci illərin seçkiləri, bu arada İlqar bəyin həbsdə dirəniş göstərməsi və REAL-a kənarda simpatiyası olanların mesajları siyasi partiyanın qurulmasını labüdləşdirirdi. Partiyalaşma prosesi heç də asan keçmədi, çox keşməkeşli oldu. Daxildəki çəkişmələr artıq vəziyyəti o yerə gətirmişdi ki, partiyalaşmanı çox vacib hesab edən və bütün enerjisini bu işə yönəldən Azər Qasımlı belə bu prosesdən uzaqlaşmaq istəyirdi. Bir səhər mənə İlqar bəyə yazdığı məktubu oxudu. Mənim fikrimi soruşanda mən ona cavab verə bilmədim. Çünki gözlərim dolmuşdu, qəhərdən boğulurdum. Mən Azərə heç nə deyə bilmədim. O, məktubu oxuduqca gözümün önündə həbsxanada hər şeydən məhrum edilmiş İlqarı görürdüm. Azərin partiyalaşma prosesindən çəkilməsinin onun üçün zərbə olacağını düşünürdüm. Bu emosional vəziyyətim Azərə pis təsir etdi. O məktub həbsxanaya yox, zibil qutusuna getdi.

İlqar bəy, mən sizi çox istəyirdim və sizə böyük simpatiyam vardı. Həbsxanadan səmimi görünməyiniz, partiyalaşma ilə bağlı mesajlarınız məni inandırmışdı ki, siz siyasi partiyanın lideri olmaq istəyirsiniz. Lakin sizin son statusunuzun üçüncü abzası ("əvvəlcə buna qarşı çıxmışdım və deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara "kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin”) məni xəyal qırıqlığına uğratdı...

Lakin REAL-da bu günə qədər nə zəhmətim keçibsə, heç birinə heyifsilənmirəm. Çünki nə etmişəmsə inanaraq etmişəm və ürəkdən etmişəm.

İlqar bəy, əgər xatırlayırsınızsa, bir dəfə söhbətimiz əsnasında demişdim, ki, istər seçki olsun, istərsə də digər siyasi addımlar, ən birinci görməli olduğunuz iş insanları inandırmaqdır. Təəssüf ki, addımlarınızla bütün inamı və güvəni dağıtdınız. Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.

Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona "mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəcüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün "Facebook”da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili "islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: "oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə yenidən partiya yığarsınız”.

Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da labaratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır.

Ürəyimdə isə yalnız bir istək var: kaş ki, #ARZULADIĞIMREAL olardı”.

Xatırladaq ki, Azər Qasımlı ötən gün REAL Partiyasından istefa verib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...