Maliyyə Nazirliyində Apellyasiya Şurası yaradıldı
Azərbaycan prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına
uyğun olaraq Maliyyə Nazirliyində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi
təsdiq edilib.
Sfera.az bildirir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki
və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi,
bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan
Şuraya maliyyə nazirinin müavini Azər Bayramov sədr təyin olunub. 7 nəfərdən ibarət Apellyasiya
Şurasına nazirliyin aparatının şöbə müdirləri, katibliyə isə nazirliyin məsul əməkdaşları daxildirlər.
Nazirliyin aparatının rəhbəri Namiq Süleymanov, Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov,
İnfrastruktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov, İqtisadi sahələrin
maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidli, Ümumi şöbənin müdiri Lalə Həsənova, Vergi siyasəti
və gəlirlər şöbəsinin müdiri vəzifəsini icra edən Fikrət Şirinov Şuranın üzvü təyin edilib.
Bundan başqa, Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Mayis Piriyev, üzvləri
ümumi şöbənin sektor müdiri Zemfira İsmayılova və Hüquq şöbəsinin baş məsləhətçisi Elçin
Nəcəfov təyin ediliblər.
Apelyasiya Şurası Bakı şəhəri Səməd Vurğun küçəsi 135 ünvanında - Maliyyə Nazirliyinin
inzibati binasında fəaliyyət göstərəcək.