KTMT-nin gələcəyi necə olacaq? - politoloq Rusiyadan asılıdır deyir

KTMT-nin gələcəyi necə olacaq? - politoloq Rusiyadan asılıdır deyir
"Nə qədər ki, Rusiya postsovet məkanında həlledici dövlətdir və digər ölkələr ondan müəyyən dərəcədə
asılıdır, KTMT-də qalacaq”

Sfera.az-a açıqlamasında bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində son zamanlar yaşanan qeyri-sağlam mühitin qurumun gələcəyinə nələr vəd edəcəyinə dair mülahizələrini bölüşən politoloq Zərdüşt Əlizadə deyib: 

"KTMT NATO-ya adekvat olaraq yaradılıb. NATO-da əsas aparıcı dövlət ABŞ-dır. Bu mənada Vaşinqton nə desə bütün digər dövlətlər "baş üstə” deyərək yerinə yetirirlər. Bu qurumda ABŞ-ın razılığı olmadab heç bir mühüm təyinat baş vermir. KTMT-də isə yeganə hərbi güc Rusiyaya məxsusdur. Burada da ancaq Rusiyanın siyasi xətti yürüdülür. Belarus və Qazaxıstan kimi dövlətlərin heç bir qlobal iddiaları yoxdur. Onlar Rusiya ətrafında  fırlandıqlarından məcburdurlar ki, KTMT-nin üzvü olsunlar. Xüsusən də Ermənistan. Hansının ki, hərbisi və xarici siyasəti tamamilə Moskvadan asılıdır. Əlifba sırasına uyğun olaraq KTNT-nin baş katibi Ermənistandan Yuri Xaçaturov idi. Ancaq Ermənistanda Paşinyan hökuməti Xaçaturova qarşı cinayəty işi açdı, onu həbs etdi, sonra isə Moskvanın təzyiqilə buraxdılar. Amma bütün hallarda Xaçaturov KTMT katibliyindən getdi. Bu fonda quruma katiblik məsələsində Belarusla Ermənsitan arasında ziddiyyətlər yarandı. Minsk  öz generalını ora təyin etmək istədi, Paşinyan isə başqa bir erməni generalının üzərində dayanırdı. Bu istiqamətdə mübahisə yarandı. Sonda Belarus istəyinə nail oldu. Lakin Paşinyan bunu qəbul etmədi. İndi KTMT-də əhəmiyyətsiz məsələ olsa da, onun ətrafında ziddiyyətli məqamlar yaranıb. KTMT katibi icraedici funksiyaya malikdir, onun həlledici qərar qəbul etmək səlahiyyəti yoxdur. Yəni sanki dəftərxana müdiri funksiyasını daşıyır. KTMT onsuz da zəif təşkilatdır. Ermənistanla Azərbaycan arasında müharibə başlasa, nə Qazaxıstan, nə də Belarus bu işə qarışmayacaq. Yalnız Rusiya qarşıa bilər. Ona görə də, bu təşkilatı sadəcə Rusiya və onun əlaltıları kimi təqdim edirlər. Bu səbəbdən nə qədər ki, Rusiya postsovet məkanında həlledici dövlətdir və digər ölkələr ondan müəyyən dərəcədə asılıdır, KTMT-da qalacaq. Rusiya zəifləsə, sıradan çıxsa, KTMT-da dağılacaq. Necə ki, vaxtilə Varşava Müqaviləsi dağıldı”.  

Qeyd edək ki,  bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko  KTMT ətrafında, o cümlədən bu quruma baş katib təyinatı ilə bağlı yaranmış qeyri-sağlam ab-havadan narahatlığını ifadə edib. Bu fonda da qurumda Minsk ilə İrəvan arasında ciddi ziddiyyətlər yaranıb. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR