PA rəsmisi Nazim İbrahimovun yol verdiyi əsas nöqsanı AÇIQLADI
Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş üzrə sektorunun müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ölkə prezidenti tərəfindən millət vəkili Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyinatına münasibət bildirib.
Qafar Əliyev Sfera.az-a açıqlamasında deyib ki, ölkə prezidenti tərəfindən təyin edilən yeni kadrlar və Nazirlər Kabineti tərkibinin gəncləşdirilməsi hökumətin daha effektiv fəaliyyət göstərməsini təmin edəcək:
"Cənab prezident tərəfindən vəzifəyə təyin olunan bir neçə nazir və komitə sədrləri, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov gəncdir.
İnanıram ki, Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilməsi diaspora işində canlanma yaradacaq və diaspora quruculuğunun inkişafına töhfə verəcək. Yeni təyin olunmuş nazirlərə və komitə sədrlərinə, o cümlədən də Fuad Muradova öz fəaliyyətlərində uğurlar arzu edirik. Gələcəkdə də Fuad Muradova əlimizdən gələn köməyi etməliyik ki, diaspora sahəsində nöqsanlar olmasın".
PA rəsmisi qeyd edib ki, dövlətçilik qarşısında dayanan bir sıra mühüm məsələlərin həllində Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə mühüm vəzifələr düşür:
"Bu vəzifələrin həyata keçirilməsi isə təkcə bir komitənin gücü daxilində deyil. Bütün əlaqədar qurumlar və dövlət orqanları əl-ələ verib mövcud məsələlərin birgə həllinə çalışmalıdır, sıx əməkdaşlıq etməlidir".
Qafar Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun fəaliyyətini tənqid edib:
"Diaspora quruculuğu, milli mübarizə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ və digər məsələlərdə siyasi fəaliyyəti monopoliyaya almaq olmaz. Əksinə, bu istiqamətdə fəaliyyət göstərmək istəyən hər bir qüvvəni, təşkilatları, cəmiyyətləri və xaricdə yaşayan azərbaycanlıları səfərbər etmək lazımdır. Kim nəyi bacarırsa, onu ortaya qoymalıdır ki, ümumi işimizdə nailiyyətlər əldə edilsin. Mən bu işdə yeni təyin olunan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova uğurlar arzu edirəm".
Administrasiya rəsmisi Avropada yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsinin vacib olduğunu söyləyib:
"Çünki Azərbaycanda keçirilən prezident seçkiləri öncəsi Avropada yaşayan soydaşlarımız içərisində bəzi insanlar ölkəmizdə baş verən prosesləri, dövlətimizin daxili və xarici siyasi ilə bağlı məsələlərdə fərqli mövqe ortaya qoyub. Həmin insanların bu münasibəti bizim üçün böyük narahatçılıq doğurub. Mən ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin fəaliyyətini daha çox bu istiqamətlərə yönəltməsini məqsədə uyğun hesab edirəm. Digər vacib məsələlər isə əvvəlki illərdə olduğu prqoram üzrə həyata keçirilir. Ancaq daha çox Avropada yaşayan soydaşlarımızla əlaqələrini gücləndirmək lazımdır".
Orxan Bəşirov
Sfera.az






