Lapşinin azad olunduqdan sonra Bakıya böhtanı… - İsrail səfiri

İsrail və Azərbaycan bir sıra sahələrdə mükəmməl və hərtərəfli əlaqələrə malikdirlər. Bu ikitərəfli əlaqələr strateji əhəmiyyət kəsb edir.
Bu sözləri açıqlamasında İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav blogger Aleksandr Lapşinin əfv edildikdən sonra Azərbaycan haqda böhtan və yalanlar yaymasının iki ölkə münasibətinə təsiri haqda danışarkən deyib. Səfir bildirib ki, iqtisadiyyat, müdafiə və enerji sahəsində münasibətlərimiz Azərbaycan və İsrail xalqının bir-birinə mehriban olması ilə sıx bağlıdır:
"Yəhudilərin və azərbaycanlıların qədim dövrlərdən bir yerdə mehriban yaşadıqlarını xüsusi qeyd etmək lazımdır. İsrail Azərbaycanı Yaxın Şərqin bir çox yerlərində müşahidə olunan şiddət və qəddarlıqdan kənar, çoxmədəniyyətli harmoniyada birlikdə yaşayan insanların müsbət alternativi hesab edir. Belə hadisələr isə İsrail-Azərbaycan əlaqələrinə kölgə sala bilməz”.
Səfir qeyd edib ki, İsrail dövləti Aleksandr Lapşinin Dağlıq Qarabağ ərazisinə Azərbaycanın razılığı olmadan səfər etməsinin qanunsuz olması barədə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan maddədən xəbərdardır.
"Hazırda İsraildə olan Lapşinin yaydığı böhtanlara hökumət müdaxilə edə bilərmi” sualına isə səfir bu cür cavab verib:
"Vyana Konvensiyasının konsulluqlar haqqında qanunlarına əsaslanaraq, biz fərdi şəxslərin fikirlərinə münasibət bildirmək istəmirik”.
Sfera.az