“Makron Parisi partladır”: Axundovun komediyası gerçəyə çevrilir?
“Paris dağılır!”
Bu ifadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Fətəli Axundovun “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini yada salır. XIX əsrdə qələmə alınan bu komediyada Parisin dağılması xəbəri ilk baxışdan gülüş doğuran bir hadisə kimi görünsə də, əslində, onun arxasında mühüm tarixi hadisə dayanır.
Gəlin xatırlayaq: Əsərdə fransız botaniki Müsyö Jordan Şahbaz bəyi Parisə aparmaq, onu elm və mədəniyyətlə yaxından tanış etmək istəyir. Lakin Şahbaz bəyin getməsini istəməyən qadınlar Dərviş Məstəli şahdan kömək istəyirlər. Dərviş də cadugərlik yolu ilə Parisi dağıdacağına söz verir. Elə bu vaxt Fransada 1848-ci il inqilabı baş verir. Parisdə qarışıqlıq yarandığı xəbəri gəlib çatır və Dərviş Məstəli şah bunu öz cadusunun nəticəsi kimi təqdim edir.
Halbuki Parisi qarışdıran nə Dərvişin cadusu, nə də hansısa fövqəltəbii qüvvə idi. Fransada baş verən hadisələrin arxasında illərdir yığılıb qalan sosial narazılıqlar, siyasi ziddiyyətlər və xalqın mövcud hakimiyyətə qarşı etirazları dayanırdı.
Həmin hadisələrdən təxminən iki əsr ötüb. Fransa artıq monarxiya ilə idarə olunmur. Bu gün ölkə dünyanın aparıcı demokratik respublikalarından biri, Avropa İttifaqının əsas siyasi güclərindən və beynəlxalq münasibətlərdə mühüm söz sahibi olan dövlətlərdəndir.
Lakin bütün bu dəyişikliklərə baxmayaraq, Fransada xalqın narazılığı və siyasi qarşıdurmalar hələ də səngiməyib. Fransada son günlər baş verən hadisələr isə ölkədəki narazılığın nə qədər dərinləşdiyini göstərir. Kütləvi etirazlarda rəsmi məlumatlara görə 550 min, təşkilatçıların iddiasına əsasən isə 800 min nəfər iştirak edib. Aksiyalar zamanı 1800-ə yaxın şəxs saxlanılıb, 150-dən çox polis və jandarm xəsarət alıb. Etirazçılarla hüquq-mühafizə orqanları arasında qarşıdurmalar yaşanıb, avtomobillər yandırılıb, mağazalar talan edilib.
Bütün bunlar bir vaxtlar Axundovun əsərində inqilab xəbəri ilə gündəmə gələn Parisin bu gün də ciddi siyasi və sosial sarsıntılar yaşadığını göstərir. Sadəcə, bu dəfə Parisin dağılması ilə bağlı Dərviş Məstəli şahın deyil, Emmanuel Makronun adı çəkilir.
Əlbəttə, söhbət Parisin həqiqətən dağıdılmasından getmir. Burada nəzərdə tutulan Makronun prezidentliyi dövründə yaşanan siyasi böhranlar, hökumətlə vətəndaşlar arasında artan narazılıq və ölkənin illərdir həllini gözləyən daxili problemləridir.
Emmanuel Makron hakimiyyətə gələndə Fransa siyasətində yeni dövrün başlanacağını vəd edirdi. Ənənəvi siyasi qüvvələrdən fərqli mövqe tutan, islahatların aparılmasını və Avropanın güclənməsini müdafiə edən Makron Fransanı həm iqtisadi, həm də siyasi baxımdan daha güclü dövlətə çevirmək niyyətində idi.
Ancaq onun həyata keçirdiyi islahatların heç də hamısı cəmiyyət tərəfindən müsbət qarşılanmadı. Əksinə, bir sıra qərarlar geniş etirazlara səbəb oldu. 2018-ci ildə başlayan “Sarı jiletlilər” hərəkatı, pensiya yaşının artırılmasına qarşı keçirilən aksiyalar, əmək münasibətləri və yaşayış xərclərinin artması ilə bağlı narazılıqlar ölkədəki sosial problemləri bir daha üzə çıxardı.
Bir tərəfdən, hökumət iqtisadi sabitliyi qorumaq, dövlət xərclərini azaltmaq və pensiya sisteminin gələcəyini təmin etmək üçün islahatların vacib olduğunu bildirir. Digər tərəfdən isə əhalinin bir hissəsi hesab edir ki, bu qərarların əsas ağırlığı sadə vətəndaşların üzərinə düşür.
Üstəlik, Fransadakı narazılıqlar təkcə iqtisadi problemlərlə bağlı deyil. Miqrasiya, təhlükəsizlik, təhsil, sosial bərabərsizlik və dövlət qurumlarına inamın azalması da cəmiyyətdə mübahisə doğuran məsələlər sırasındadır.
Məsələnin digər tərəfi isə Fransanın beynəlxalq siyasətdəki mövqeyidir.
Fransa uzun illərdir ki, müxtəlif ölkələrdə insan hüquqları, demokratik idarəçilik və siyasi azadlıqlarla bağlı məsələlərə münasibət bildirir. Bəzən başqa dövlətlərin daxili problemlərini beynəlxalq müzakirələrin predmetinə çevirir, onların siyasi qərarlarını tənqid edir.
Ancaq öz daxilində sosial narazılıqların, siyasi böhranların və etimad problemlərinin həlli ilə məşğul olan Fransa digər ölkələrə münasibətdə nə dərəcədə ardıcıl mövqe nümayiş etdirir?
Azərbaycan-Fransa münasibətlərində də bu məsələ zaman-zaman özünü göstərib. Xüsusilə Cənubi Qafqazdakı proseslər, Azərbaycan-Ermənistan münasibətləri və regional təhlükəsizlik məsələlərində Parisin mövqeyi Bakıda birmənalı qarşılanmayıb. Azərbaycan tərəfi Fransanın bir sıra addımlarını birtərəfli yanaşma kimi qiymətləndirib.
Fransanın daxili siyasi mənzərəsinə nəzər salmaq təkcə bu ölkənin problemlərini sadalamaq deyil, həm də beynəlxalq siyasətdə bəyan edilən prinsiplərlə real siyasi davranışlar arasındakı uyğunluğu qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Məncə, Mirzə Fətəli Axundovun əsəri ilə bugünkü Fransa arasında ən maraqlı oxşarlıq da elə buradadır.
Axundovun əsərində Parisdə inqilab baş verəndə Dərviş Məstəli şah bunu öz cadusunun nəticəsi kimi göstərirdi. Əslində isə hadisələrin səbəbini Fransanın öz daxilində axtarmaq lazım idi. Bu gün də Fransada yaşanan siyasi böhranların və sosial narazılıqların səbəblərini yalnız xarici təsirlərdə, ayrı-ayrı siyasi qüvvələrdə və ya küçələrə çıxan etirazçılarda görmək doğru olmaz. Çünki bu problemlər birdən-birə yaranmayıb. Onların arxasında illərdir davam edən iqtisadi çətinliklər, hakimiyyətin qəbul etdiyi qərarlar, insanların artan tələbləri və idarəçiliklə bağlı fikir ayrılıqları dayanır.
Təbii ki, 1848-ci ilin Fransası ilə bugünkü Fransanı tamamilə eyniləşdirmək olmaz. Həmin dövrdə insanlar monarxiyanın devrilməsi və daha geniş siyasi hüquqlar əldə etmək uğrunda mübarizə aparırdılar. Bu gün isə Fransa vətəndaşlarının etirazlarına səbəb olan məsələlər daha müxtəlifdir.
Bununla belə, hər iki dövr arasında müəyyən oxşarlıq var. Xalqın narazılığı vaxtında nəzərə alınmayanda, problemlər həllini tapmayanda ölkədə siyasi sabitliyin qorunması da çətinləşir.
Bəlkə də Axundovun əsərindən çıxara biləcəyimiz ən maraqlı nəticə budur: Parisi dağıtmaq üçün Dərviş Məstəli şahın cadusuna ehtiyac yoxdur. Bəzən illərlə həll olunmayan problemlər, vətəndaşların gözləntilərini doğrultmayan qərarlar və hakimiyyətlə xalq arasında yaranan fikir ayrılıqları ölkəni daha ciddi sarsıntılarla üz-üzə qoya bilər.
XIX əsrdə Parisin dağılması xəbəri Şahbaz bəyin Fransaya getməsinə mane olmuşdu. XXI əsrdə isə Fransada yaşanan siyasi qarşıdurmalar və sosial narazılıqlar ölkənin gələcəyi, Avropadakı mövqeyi və beynəlxalq nüfuzu ilə bağlı yeni suallar doğurur.
Görəsən, Mirzə Fətəli Axundov bu gün yaşasaydı, Dərviş Məstəli şahın cadusu ilə dağılan Parisdən deyil, Makronun siyasi qərarları fonunda sarsılan Fransadan bəhs edən bir komediya yazsa idi, adı nə olardı?
Şəhanə






